Azərbaycan startapı Niderland şirkəti tərəfindən satın alınıb!

2 hefte evvel 14

Ölkəmizdə startap ekosisteminin inkişafı istiqamətində əlamətdar hadisə baş verib. Belə ki, Azərbaycan startapı “Dr.Agro” İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi dəstəyi ilə təsis edilmiş “Caucasus Ventures” vençur fondunun investisiya etdiyi “Agcurate BV” tərəfindən satın alınıb.

Azərbaycan startapı Niderland

“Agcurate BV” startapının baş ofisi Niderlandın Arnhem şəhərində yerləşir. Startap eyni zamanda Türkiyədə də kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi üzrə araşdırma və inkişaf fəaliyyəti ilə məşğul olur. “Dr. Agro”nun satın alınması “Agcurate BV” üçün istehlakçılara qablaşdırılmış mallar istehsal edən qida şirkətlərinə xidmət göstərmək və Cənubi Qafqaz bazarına daxil olmaq imkanlarını artırır.  

Azərbaycan startapı Niderland

Azərbaycanda  təsis edilmiş startap “Dr. Agro” öz növbəsində aqronomiya sahəsində geniş təcrübəyə, partnyor və müştəri şəbəkəsinə malikdir. Startapın həmtəsisçisi və baş direktoru Ramil Əzməmmədov bildirib ki, bu əməkdaşlıq sayəsində “Agcurate BV” yeni bazarda müştərilərinə kənd təsərrüfatı əməliyyatlarında 360 dərəcə monitorinq xidməti təqdim edəcək. Bundan əlavə, sözügedən satınalma daha geniş bölgələrdən əldə ediləcək əhəmiyyətli məlumatlarla “Agcurate BV”nin tədqiqat və inkişaf fəaliyyətini zənginləşdirəcək və, eyni zamanda, kənd təsərrüfatı texnologiyaları sektorunda qabaqcıl innovasiyaların inkişafına təkan verəcək.

Həyata keçirilən əməliyyat barədə “Agcurate BV”nin həmtəsisçisi və baş direktoru Mətin Əmənullahi də öz fikirlərini bölüşüb:
“Bu ilin ilk rübündə “Caucasus Ventures”ın investisiyası ilə aqrotek sənayesindəki mövqeyimizi gücləndirdiyimiz, həmçinin yeni regionlara əlçatanlığımızın təmin olunduğu bir zamanda, bu satınalma bizim üçün olduqca böyük əhəmiyyət kəsb edir. Biz bu əməkdaşlığın strateji əhəmiyyəti və xüsusilə müştərilərimizə daha çox fayda təqdim etmək üçün yaratdığı imkanlara görə həyəcanlıyıq və qısa zamanda sektorda maraqlı tərəflərə daha geniş çərçivədə xidmət göstərməyi hədəfləyirik”, – deyə şirkət rəhbəri bildirib.

Azərbaycan startapı Niderland şirkəti tərəfindən satın alınıb! xəbəri ilk olaraq Tedroid saytında yayımlanmışdır. Əsl mənbə bu saytdır.