Samir Əliyev: “Əzmkar qələbə bizə əlavə motivasiya və güc verəcək”

7 ay evvel 57

“Belə əzmkar qələbə bizə əlavə motivasiya, güc və özünəinam verəcək”.

Bunu “Report”a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev Lüksemburqa 3:2 hesabı ilə qalib gəldikləri AVRO-2025-in seçmə mərhələsinin oyunundan sonra deyib.

44 yaşlı mütəxəssis evdə Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandasına 0:1 hesabı ilə uduzduqları əvvəlki matça da toxunub:

“Hər iki görüşü təhlil etdikdə görərik ki, birinci qarşılaşmada üç xala daha çox layiq idik. Rəqib qapımız önündə qol vəziyyətləri yarada bilmirdi. Sırf künc zərbəsindən sonra fərqləndilər. Biz isə bir neçə qol şansı əldə etdik və hətta penaltidən də yararlana bilmədik. Rəqib də 10 nəfərlə qalmışdı. Bu, qələbə qazanılası oyun idi”.

Əliyev futbolçuların Lüksemburqla matçda əzmkarlıq nümayiş etdirdiklərini vurğulayıb:

“Hesabda önə çıxmışdıq. Standart vəziyyətdən və müdafiədəki ani diqqətsizlikdən qapımızda qol gördük. Buna baxmayaraq, uşaqlar özlərində güc tapdılar və sonadək mübarizə apararaq qalibiyyət əldə etdilər”.

Baş məşqçi növbəti turda Ukraynaya qarşı keçirəcəkləri 2023-cü ildəki son görüş haqqında da fikirlərini bölüşüb:

“Noyabrın 21-də bu kollektivlə üz-üzə gələcəyik. Onlar üç qarşılaşmada qələbə qazanıblar və qrup lideridirlər. Çox az vaxtımız qalıb. Oyunçular artıq öz klublarına qayıdıblar və komandalarındakı növbəti matçlara hazırlaşacaqlar. Ukrayna qrup lideri olsa da, meydanda mübarizə apararaq sərfəli nəticə əldə etmək niyyətindəyik”.